July 20, 2026
Ferrari-nin ilk elektrik avtomobili
Yanacaqdan asılılığın tədricən azalması avtomobil sənayesini alternativ texnologiyaların inkişafına daha sürətlə yönəldir.

Yanacaqdan asılılığın tədricən azalması avtomobil sənayesini alternativ texnologiyaların inkişafına daha sürətlə yönəldir.
Yeni elektrik avtomobillərinin hazırlanması və mövcud modellərin təkmilləşdirilməsi artıq geri dönməz bir prosesə çevrilib. Ferrari də bu tendensiyaya qoşularaq markanın ilk tam elektrik avtomobili olan Ferrari Luce modelini təqdim edib.
Bu, Ferrari tarixində ilk beşyerlik model olmaqla yanaşı, markanın indiyədək istehsal etdiyi ən uzun yol avtomobilidir. Modelin uzunluğu 5 026 mm-dir və ölçülərinə görə hətta Purosangue SUV modelini də geridə qoyur. Bundan əlavə, Luce 597 litrlik baqaj həcmi ilə Ferrari üçün yeni rekord müəyyən edir.
Luce modelinin eksteryer və interyer dizaynı LoveFrom tərəfindən hazırlanıb. Elektrik avtomobili üçün xüsusi hazırlanmış platforma yeni modelə Ferrari ailəsində tamamilə fərqli görünüş qazandırıb.

Luce modelinin hazırlanması zamanı əsas prioritetlərdən biri aerodinamika olub. Ferrari-nin məlumatına görə, bu model indiyədək istehsal olunmuş bütün yol avtomobilləri arasında ən aşağı hava müqaviməti əmsalına malikdir.
Luce əsasən arxa oxa yönəldilmiş dörd sinxron daimi maqnitli elektrik mühərriki ilə təchiz olunub. Ön mühərriklər birlikdə 282 at gücü, arxa mühərriklər isə 831 at gücü hasil edir. Ümumi güc sadə riyazi cəm deyil və 1 035 at gücünə çatır ki, bu da yarış avtomobilləri istisna olmaqla Ferrari-nin bütün digər modellərini üstələyir.
2 268 kq çəkiyə baxmayaraq, avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə, 200 km/saat sürətə isə 6,8 saniyəyə çatır. Maksimum sürəti isə 310 km/saat təşkil edir.
Luce Ferrari-dən gözlənilən performans və sürəti təqdim edir. Lakin daxiliyanma mühərrikinin süni səsini təqlid etmək əvəzinə, model elektrik komponentlərinin mexaniki səslərini əks etdirən və seçilən sürüş rejiminə uyğun dəyişən xüsusi səs sistemi ilə təchiz olunub.
Model bu ilin sonuna qədər Avropa bazarında satışa çıxarılacaq. Təxmini qiymətinin 550 min avro olacağı gözlənilir. ABŞ bazarında isə Luce yalnız 2027-ci ilin ikinci rübündə satışa təqdim ediləcək və həmin bazar üçün qiymət hələ açıqlanmayıb.






